Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradı və sərgisi keçiriləcək

Azərbaycan Avtomobil Federasiyası noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə klassik maşınların paradını təşkil edəcək. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar AAF klassik avtomobil sahiblərini parada iştirakçı kimi dəvət edir. 1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri noyabrın 8-i saat 19:00-dək Azərbaycan Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilərlər.

İştirak etmək istəyənlərdən qeydiyyat üçün Azərbaycan Avtomobil Federasiyası ilə əlaqə saxlamaları xahiş olunur (Telefon: (012) 505-60-03 və ya (050) 295-01-00; elektron poçt ünvanı: info@faa.az).

Qeydiyyatdan keçən avtomobillər noyabrın 9-da saat 09:00-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır. Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayrağı Meydanınadək davam etdirəcək.

Dövlət Bayrağı Meydanında, həmçinin yürüşdə iştirak edən klassik avtomobillərin sərgisi olacaq. Azərbaycan Avtomobil Federasiyası və Dövlət Bayrağı Meydanı hər kəsi noyabrın 9-da saat 12:00-dan 16:00-dək klassik avtomobillərin sərgisinə dəvət edir. Sərgiyə giriş sərbəstdir.

Həmin kateqoriyadan