- Baxış sayı: 54
- 11 Sentyabr 2026 11:21
- Baxış sayı: 410
- Sentyabr 08, 2026
- 0

2026-cı ildə Azərbaycan qran prisi Bakıda Formula-1 tarixində 10-cu dəfə keçiriləcək.
Allsport.az xəbər verir ki, geridə qalan 10 il ərzində yarış yalnız beynəlxalq idman tədbiri kimi deyil, turizm, yerli biznes, insan kapitalı və Bakının beynəlxalq tanıtımı baxımından da mühüm platformaya çevrilib.
Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, yubiley qran prisinin Bakının dünya idman paytaxtı olduğu xüsusi bir ildə keçirilməsi yarışın əhəmiyyətini daha da artırır. Onun sözlərinə görə, Formula-1 idman turizminin inkişafına təkan verir, yerli biznes üçün yeni imkanlar yaradır və Azərbaycanın beynəlxalq tanıtımına töhfə verir.
Beynəlxalq maraq artır
2025-ci ildə Azərbaycan qran prisini izləmək üçün ölkəyə 14 mindən çox xarici qonaq səfər edib. Biletlər 115 ölkədə satılıb, yarış həftəsonunda isə 90 mindən çox ziyarətçi qeydə alınıb.
2026-cı ildə də xarici azarkeşlərin marağı yüksək olaraq qalır. Yubiley qran prisi üçün xarici qonaqlara satılan biletlərin sayı artıq ötənilki göstəricini keçib.
2024-cü ildə qran priyə bilet alanların 77 faizi xarici ölkələrdən olub. Həmin azarkeşlərin 93 faizi Bakıya səfərlərinin əsas səbəbinin Formula-1 olduğunu bildirib.
Minlərlə insan prosesə cəlb olunur
Qran priyə hazırlıq prosesi bir neçə ay davam edir. Yarış infrastrukturunun qurulması və sökülməsi işlərinə 1400-dən çox mühəndis, texniki mütəxəssis, montajçı və logistika əməkdaşı cəlb olunur. Yarış həftəsində isə təşkilati işlərdə təxminən 1500 əməkdaş, 2000 könüllü və 1100 marşal çalışır.
Bakı şəhər halqasının əməliyyat şirkətinin baş direktoru Maqsud Fərzullayev bildirib ki, müasir texnologiyalar və daha səmərəli planlaşdırma sayəsində hazırlıq müddəti 12 aydan təxminən 4 aya endirilib. Onun sözlərinə görə, 2025-ci ildə əsas yol məhdudiyyətləri yarış başa çatdıqdan cəmi 12 saat sonra aradan qaldırılıb.
2026-cı ildə sakinlərin və sürücülərin rahatlığını təmin etmək üçün tranzit dəhlizlərinin sayı 6-ya çatdırılıb. Üzeyir Hacıbəyli küçəsində də əlavə tranzit dəhlizi təşkil olunacaq.
Son üç ildə 4 yeni tribunanın inşa edilməsi ilə tamaşaçı yerlərinin sayı 6 mindən çox artırılıb. Hazırda tribunaların ümumi tutumu 21 min nəfəri ötür.
Bakı dünyanın diqqətində
Formula-1-in rəsmi sosial media hesablarının ümumi auditoriyası 115 milyondan çoxdur. Qran pri həftəsində bu böyük beynəlxalq platformanın diqqəti Bakıya yönəlir.
2025-ci ildə Azərbaycan qran prisini yerində təxminən 300 yerli və xarici media nümayəndəsi işıqlandırıb. Həmin il yarışın ABŞ-da ESPN telekanalında canlı yayımını orta hesabla 1,1 milyon tamaşaçı izləyib. Bu, Bakı qran prisi üçün ABŞ televiziyasında ən yüksək auditoriya göstəricisidir.
Beləliklə, Formula-1 Bakının beynəlxalq idman şəhəri kimi mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı, turizm, yerli biznes və şəhərin qlobal tanıtımı üçün də mühüm platforma olaraq qalır.