Formula-1 üzrə Avropa qran-prisi Bakıda

“Formula-1” yarışının baş icraçı direktoru Berni Ekklestoun və gənclər və idman naziri Azad Rəhimov dünən Formula-1 yarışının həvəskarlarına, Herman Tilke tərəfindən Bakıda keçiriləcək Avropa qran-pri Bakı yarışı üçün xüsusi olaraq layihələndirilmiş, paytaxt küçələrini əhatə edəcək yarış dairəsinin möhtəşəm sxeminin ilk görüntüləri barədə açıqlama verib.

Allsport.az saytı xəbər verir ki, Avropa qran-prisinin Bakı yarışı 2016-cı ildə baş tutacaq. Tədbirdə iştirak edən Ekklsetoun və Rəhimov küçə dairəsinin sxeminin təqdimat mərasimini keçirdilər. Təqdimata əsasən, Formula-1 avtomobil yarışı Bakı küçələri boyunca, F1 yarışının ən yeni yarış cığırında baş tutacaq.

“Azərbaycan Formula-1 yarışlarının təqviminə ən son əlavələr edib və mən xüsusi olaraq, bu yarışlar üçün layihələndirilmiş ən müasir yeni küçə dairəsini görməkdən böyük məmnunluq duyuram. Əminəm ki, bu təşəbbüs, bizim 2016-cı ildə, burada dünya səviyyəli tədbir keçirməyimizə çox dəyərli töhfə verəcək”, – deyə Berni Ekklestoun qeyd edib.

Öz növbəsində, nazir Azad Rəhimov bunları qeyd edib: “Avropa Qran Pri Bakı yarışına cəlb edilmiş hər bir nəfər üçün bu çox vacib və sevindirici hadisədir. Dünyanın ən maraqlı və həyəcanlı idman növünə qatıla bilməyimiz üçün öz gərgin iş qrafikindən vaxt ayıraraq Azərbaycana gəldiyinə və bizə ən yeni Formula-1 dairəsinin sxeminin təqdim edilməsində köməklik etdiyinə görə cənab Ekklestouna təşəkkürümü bildirirəm.

Biz yarış dairəsinin sxemi ilə bağlı Herman Tilke və onun komandası ilə 2013-cü ildən etibarən çox sıx fəaliyyət göstəririk. “Tilke Engineering” şirkətinə verdiyimiz tapşırıq çox sadə idi – tez bir zamanda Bakıda Qran Pri yarışlarının keçirilməsinə dəstək verəcək, unikal, habelə F1 yarışlarının təqvimində ən heyranedici, ən parlaq məkanların arasında özünəməxsus yer tuta biləcək, F1 yarışının heyranları və komandalarının əsl zövq yaşaya biləcəyi yarış dairəsini layihələndirmək. Ən əsası, biz bu yarış dairəsində paytaxt Bakının ən görməli yerlərinin nümayiş etdirilməsini arzu edirdik. Mən çox məmnunam ki, 2016-cı ildə F1 komandalarının yarış zamanı istifadə edəcəkləri bu dairə qarşıya qoyduğumuz məqsədləri dəqiq əks etdirir.

Hal-hazırda, biz çətin işlərin başlandığı növbəti mərhələdəyik və hamımız qarşıdan gələn aylarda dairənin inşasının şahidi olacağıq. Biz bilirik ki, irəlidə bizi müəyyən çətinliklər gözləyir; əminik ki, cənab Ekklestoun və Tilke Engineering şirkətinin peşəkar heyətinin, eləcə də F1 Qran Pri yarışının ən yeni trasının yaradılmasına cəlb edilən hər bir insanın köməyi ilə, bu işlər 2016-cı ildə analoqu olmayan tədbirin keçirilməsinə, eyni zamanda, planetin ən yüksək ixtisaslı idman və əyləncə tədbirləri üçün mükəmməl məkan olan və müasir Avropa ölkəsi kimi tanınan Azərbaycanın qazandığı yüksək nüfuza öz dəyərli töhfəsini verəcəkdir”.

Tədbirdə iştirak edən “Tilke Engineering” şirkətinin baş icraçı direktoru Herman Tilke isə bunları qeyd etdi: “Mən Avropa Qran Pri Bakı Layihəsi ilə əlaqədar son dərəcə həyəcanlıyam və məmnunam ki, biz indi trasın layihəsi haqqında açıqlama verə bilirik. Layihələndirmə və dizayn baxımından son dərəcə maraqlı küçə dairəsi yaradılıb və bu dairə, Bakının çox cazibədar şəhər atmosferini, habelə şəhərin zəngin tarixinin və 21-ci əsrin üslubunun bir araya gəldiyi ab-havanı görməyə imkan verir. Tarixi şəhər mərkəzi, gözoxşayan dənizkənarı park, eləcə də görkəmli Hökumət Evi – bütün bunlar möhtəşəm yeni trasın mükəmməl fonunu təşkil edir.

Aydın məsələdir ki, yarış dairələri layihə baxımından çoxsaylı problemləri ortaya qoyur, amma biz komandaların və yarış həvəskarlarının əsrarəngiz yarışdan zövq almasına imkan verəcək bəzi unikal xüsusiyyətləri layihəyə daxil etməyi bacarmışıq. Misal üçün, yarış dairəsində İçərişəhərin qala divarlarında son dərəcə dar yoxuş seksiyası olacaq ki, bu da yüksək dəqiqlik və cəsarət tələb edir. Eyni zamanda, Bulvar ərazisinin yanından uzunluğu 2.2 km olan sürətli yol seksiyasında yarış maşınları ən yüksək sürətlə hərəkət edəcəklər. Bu isə, yarış şousunu canlı seyr edənlərin və ya yarışı televiziya ekranlarından izləyən tamaşaçıların unudulmaz anlar yaşamasına imkan verəcək”.

Bugünkü tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov da iştirak etmişdir. Cənab Ələkbərov qeyd etdi: “Dünyanın ən sürətli idman yarışı olan Formula-1 artıq

tamaşaçı baxımdan Azərbaycanda çox populyardır. Bizə 2016-cı ildə Bakıda Avropa Qrand Pri yarışının keçirilməsi və Formula-1 ailesinin tərkib hissəsinə çevrilməyimizə imkan verildiyi üçün məmnunluğumuzu bildiririk.

“Biz həm də əminik ki, ölkəmizin ev sahibliyi edəcəyi Qrand Pri ölkəmizdə Formula-1 idman yarışı üçün bir vasitə kimi çıxış edəcək və gözləyirik ki, şəhərimizin gənclərinin birinci Azərbaycanlı Formula-1 yarışı üzrə Dünya Çempionu ola bilmək xəyallarının yaranmasına təsir edəcək”.

Həmin kateqoriyadan