Formula1 Azərbaycan mükafat yarışının cədvəli bəlli olub

Formula1 yarışında həftəsonunda keçiriləcək tədbirlərin saatları artıq müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, cədvələ əsasən tamaşaçıların dənizkənarı bulvar ərazisində yerləşən F1 şəhərciyi və əyləncə zonalarına girişinə iyunun 22-i saat 14:00-dan etibarən icazə veriləcək, 23-25 iyunda tamaşaçılar bu məkanlara səhər saat 10:00-dan etibarən daxil ola biləcəklər. Formula1 şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsert proqramları başa çatanadək fəaliyyət göstərəcək.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənd Özərdim yarış həftəsi ərzində konsert proqramları ilə yanaşı müxtəlif əyləncəli tədbirlərin keçiriləcəyini bildirib: “Biz bu il qarşınıza daha zəngin əyləncə proqramı ilə çıxaraq sizlərə açıq havada möhtəşəm bayram əhval-ruhiyyəsi yaşadacağıq. Əyləncə zonalarında təşkil olunmuş müxtəlif növ proqramlarda iştirak edərək yarış həyəcanını əyləncə coşğusu ilə birlikdə yaşaya biləcəksiniz. Burada həmçinin siz Formula 1 dünyası ilə yaxından tanış olaraq ailənizlə birlikdə bir-birindən əyləncəli tədbirlərə qatılmaq imkanına sahib olacaqsınız. Hamınızı əyləncə zonalarında baş tutacaq rəngarəng tamaşalarda əylənərək yarış həftəsonunu zövqlə yaşamağa dəvət edirik.”

Formula 1 ilə yaxından tanışlıq

Dördgünlük bilet alan tamaşaçılar 22 iyunda saat 19:00-dan 20:30-dək Pit Yolu gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit Yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu Gəzintisi üçün giriş Formula 1 Şəhərciyində Abşeron tribunasının yanında olacaqdır. Bundan başqa, formula1 Şəhərciyində Azərbaycan qran-prisində mübarizə aparan bütün pilotların iştirakı ilə 23-25 iyun tarixlərində saat 11:00-da başlayaraq günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və onlardan avtoqraf ala biləcəklər.
Tamaşaçıların sevimli komandaları ilə görüşü üçün məkana erkən gəlmələri məsləhət görülür. Eyni zamanda, tamaşaçılar dənizkənarı bulvar ərazisində yerləşən oyun zonalarında quraşdırılmış simulyatorlarda sürücülük bacarığını sınamaqla yanaşı pit-stop yarışında iştirak edərək əyani şəkildə formula1  təcrübəsinə yiyələnə biləcəklər.

Azərbaycan mədəniyyətinin inciləri birarada

Dənizkənarı bulvar zonasında salınan Azərbaycan Mədəniyyəti guşəsində avtoidman həvəskarlarına müxtəlif məşğələlər vasitəsilə Azərbaycan xalqının milli ənənələri və incəsənət nümunələri, o cümlədən xalçaçılıq, dulusçuluq, nəqqaşlıq və oyma sənətinin incəlikləri təqdim olunacaq. Tamaşaçılar onlar üçün burada təşkil olunan atelyelərdə arzuladıqları sənət üzrə öz bacarıqlarını sınaya biləcəklər.

Bir-birindən zövqlü səyyar şoular

Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşğusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara akrobatlar, Spandy Andy, robotlar, pantomima aktyorları və ağacayaqların orijinal tamaşaları, şar, köpük və velosiped şouları, eləcə də digər maraqlı nömrələr daxildir.

Azyaşlılar üçün əyləncə mərkəzi

Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar onlar üçün burada təşkil olunmuş interaktiv və maarifləndirici oyunlarda iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

Əyləncəli proqramlar Sahil və Sabir parklarında yerləşən zonalarda da olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Sahil və Sabir parklarına aşağı qiymətə biletlər təklif edir. Bu biletlər yalnız bu parklara daxil olmağa icazə verəcək. Burada əyləncə tədbirləri iyunun 23-ü saat 11:30-dan 19:30-dək, iyunun 24-ü saat 11:00-dan 19:00-dək və iyunun 25-i saat 11:00-dan 14:00-dək davam edəcək. Bu zonalarda tamaşaçılara nağara şousu, müxtəlif ölkələrin milli rəqsləri, şar ustasının əl işləri və məşhur yerli DJ-lərin çıxışları təqdim olunacaq.

Həmin kateqoriyadan