Jurnalistlərin fəaliyyət qaydalarına dair seminar

“Bakı Şəhər Halqası” əməliyyat şirkəti (BŞH) bu il iyunun 4-6-da Bakıda keçiriləcək Formula 1 Azərbaycan qran-prisi və həmin yarışda media nümayəndələrinin fəaliyyət qaydalarına dair yenilənmiş məlumatların çatdırılması məqsədilə mayın 21-də yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün seminar təşkil edib. Allsport.az xəbər verir ki, tədbirdə BŞH-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva mətbuat nümayəndələrinə bu nüfuzlu yarış və turnirdə media işçilərinin fəaliyyət qaydalarına dair ətraflı məlumat verib.

Ağayeva bildirib ki, Formula 1-ə maraq göstərənlər yarış barədə mediadan məlumat aldıqları üçün qran-pri ilə bağlı mediada fəallıq artıb. Azərbaycandakı yarışın təqvimdə öz yerini qorumasının sevindirici hal olduğunu diqqətə çatdıran BŞH rəsmisi Azərbaycan qran-prisinin müddətinin uzadılıb-uzadılmayacağına hələ aydınlıq gəlmədiyini söyləyib.

O vurğulayıb ki, Azərbaycan qran-prisinə 1300-dək marşal cəlb olunacaq. Həmin marşallardan 50-si əcnəbidir. Onlar yarış müddətində atletlər kəndində qalacaqlar.

Yarışda könüllülərin fəaliyyətindən danışan BŞH rəsmisi ümumilikdə 500 könüllünün Azərbaycan qran-prisinə cəlb edilməsinin nəzərdə tutulduğunu və hazırda onların işə başladıqlarını qeyd edib.

Ağayeva bildirib ki, Bakıda qran-pri ilə yanaşı, Formula 2 yarışı da keçiriləcək.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Formula 1 Azərbaycan qran-prisi iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq. Bakı 2016-cı ildən Formula 1 qran-prisinə ev sahibliyi edir.

Həmin kateqoriyadan