Milli antidopinq qurumlarının statusu yüksəldilib və səlahiyyətləri genişləndirilib

Ümumdünya antidopinq agentliyində, milli antidopinq qurumlarının səlahiyyətləri artırılacaq. Allsport.az saytı xəbər verir ki, milli antidopinq qurumları ÜADA-nın təsisçilər şurasında  təmsil olunacaq. Bununla bağlı qərar ÜADA-nın milli antidopinq qurumları üzrə ekspert qrupunun təklifi əsasında qəbul edilib. Hələ 2020-ci ildə ekspert qrupunun üzvü Şəfəq Hüseynli ölkələr üzrə antidopinq siyasətini həyata keçirən milli antidopinq qurumlarının qlobal səviyyədə də antidopinq siyasətinin formalaşmasında iştirakının vacibliyini əsas gətirərək bu məsələnin gündəliyə daxil edilməsini təklif etmişdi. Uzun müddətli müzakirələrdən sonra, ÜADA-nın icraiyyə komitəsi və təsisçilər şurasının may ayının 18 və 19-da Misirdə keçirilən iclasında ekspert qrupunun məsələ ilə bağlı yekun təqdimatı dəstəklənmişdir.

İclasda  ÜADA-nın ali qurumu olan təsisçilər şurasında milli antdiopinq qurumlarının və idmançıların təmsil olunması, habelə ekspert qrupunun statusunun yüksəldilməsi vəbu istiqamətdə müvafiq struktur islahatlarının həyata keçirilməsi təsdiqlənmişdir. Bununla da, ÜADA-nın təsisçilər şurasının üzvlərinin sayı 4 nəfər artırılıb. Onlardan ikisi milli antidopinq qurumlarını, ikisi isə idmançıları təmsil edəcək və qəbul ediləcək qərarlarda səsvermə hüquqları olacaq.

24-25 may tarixlərində ÜADA-nın milli antidopinq qurumları üzrə ekspert qrupunun İsveçrənin Lozanna şəhərində keçirilən iclasının əsas müzakirə mövzusu da məhz həmin struktur və idarəetmə islahatları olub. İclasda ekspert qrupunun üzvü, AMADA-nın direktoru Şəfəq Hüseynli iştirak edib.

Qlobal səviyyədə antidopinq siyasətinin təkmilləşdirilməsibaxımından vacib olan islahatların gündəlikdə olduğu iclasda ÜADA-nın baş direktoru Olivie Niqqli də şəxsən iştirak edib və islahatların icra mexanizmi geniş müzakirə olunub. Sözügedən islahatlara əsasən ekspert qrupunun statusu yüksəldilir və qrup artıq öz təkliflərini və tövsiyələrini bir başa qərarlaşdırılması üçün təsisçilər şurasına təqdim edəcək.

Xatırladaq ki, ÜADA-nın milli antidopinq qurumları üzrə ekspert qrupu 2015-ci ildə yaradılıb və  AMADA 2019-cu ildən qrupda təmsil olunur. Ekspert qrupunda bütün dünya üzrə cəmi 8 ölkə təmsil olunur ki, onlardan biri də Azərbaycandır. Qrup, milli antidopinq təşkilatları üzrə fəaliyyət strategiyasının hazırlanması və standartların müəyyənləşdirilməsi məsələlərində ÜADA-ya tövsiyələr verir.

Həmin kateqoriyadan