- Baxış sayı: 31
- 17 İyun 2025 16:27
- Baxış sayı: 82
- İyun 17, 2025
- 0
Mayın 12-də milli olimpiya komitəsinin (MOK) ədalətli oyunlar komissiyasının 2024-cü ilin yekunlarına əsasən elan etdiyi nominasiya qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, baş katib Azər Əliyev, ədalətli oyunlar komissiyasının sədri, Avropa ədalətli oyunlar hərəkatının icraiyyə komitəsinin üzvü Xəzər İsayev, İSSA-nın icraiyyə komitəsinin üzvü, Ər-Riyad-2025 İslam həmrəyliyi oyunlarının koordinasiya komissiyasının sədri, millət vəkili Könül Nurullayeva, idman federasiyalarının rəsmiləri, olimpiya və dünya çempionları, idman ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
MOK-dan verilən məlumata görə, mərasimdə əvvəlcə tanınmış idmançılarımızın yer aldığı dünya ədalətli oyunlar gününə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Çingiz Hüseynzadə ədalətli oyun dəyərlərinin idmanda və cəmiyyətdəki əhəmiyyətindən danışıb. Artıq 27 ildir ki, MOK-un ədalətli oyunlar komissiyasının fəaliyyət göstərdiyini diqqətə çatdıran Çingiz Hüseynzadə hər il ədalətli oyun prinsiplərinə sadiq olan idmançıların, məşqçilərin, hakimlərin, mətbuat işçilərinin və idman xadimlərinin mükafatlandırıldığını qeyd edib.
MOK rəsmisi eyni zamanda Xəzər İsayevin beynəlxalq ədalətli oyunlar komissiyası tərəfindən dünyanın ən nüfuzlu fair play mükafatı olan “Can Barrota”, Paris-2024-ün gümüş medalçısı, taekvondoçu Həşim Məhəmmədovun isə Avropa ədalətli oyunlar komissiyası tərəfindən “Ədalətli oyun ruhu” mükafatına layiq görüldüyünü diqqətə çatdırıb. Xəzər İsayev hər il 19 mayda dünyada ədalətli oyunlar günü kimi qeyd olunduğunu və bu təşəbbüsün idmanda etik dəyərlərin, dürüstlüyün, hörmətin və həmrəyliyin təbliği məqsədi daşıdığını diqqətə çatdırıb.
MOK-un ədalətli oyunlar komissiyası 1998-ci ildə Azərbaycan respublikasının prezidenti, milli olimpiya komitəsinin prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılıb və bu günə qədər Avropa və beynəlxalq ədalətli oyunlar hərəkatı ilə sıx əməkdaşlıq edir.
Tədbir çərçivəsində həmçinin Avropa ədalətli oyunlar hərəkatının təşəbbüsü ilə keçirilən “Ədalətli oyun və sülh naminə Avropanı keçək” estafetində Azərbaycan idmançılarının iştirakı barədə məlumat verilib və estafetə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qeyd olunub ki, estafet çərçivəsində Bakıdan Brüsselə qədər 3659 kilometrlik məsafə 62 idmançının birgə səyi ilə qət olunub.
Tədbirin sonunda ədalətli oyunlar komissiyasının 2024-cü ilin yekunlarına əsasən mükafatları təqdim olunub. “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi” nominasiyasında Azərbaycan cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev, “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyasında Paris-2024-ün gümüş mükafatçısı, taekvondoçu Həşim Məhəmmədov, “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” nominasiyasında cüdo üzrə məşqçi Tərlan Həsənov, “Ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiyası üzrə boks hakimi Emil Qurbanəliyev, “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı” nominasiyasında İctimai TV mükafata layiq görülüblər.