“Rossiya 24” Bakıda keçirilən Formula-1 yarışını tərifləyib

“Rossiya 24” Bakıda keçirilmiş Formula-1 Avropa qran-prisinə dair maraqlı reportaj hazırlayıb. Allsport.az saytı xəbər verir ki, telekanalın müxbiri Pavel Melnikovun reportajında yarışların Bakı mərhələsinin yüksək səviyyədə təşkil edildiyi, şəhər trasının bütün standartlara cavab verdiyi vurğulanıb. Qeyd olunub ki, təşkilatçılar qədim Bakının füsunkar memarlıq nümunələrinin qorunmasına xüsusi diqqətlə yanaşıblar. Qız qalasının və İçərişəhərin divarlarının zədələnməməsi üçün güclü mühafizə işləri görülüb, trek dəmir və beton hasarlarla əhatə olunub.

Süjetdə bütün dünyadan Bakıya üz tutan 30 mindən çox turistin azərbaycanlılara xas qonaqpərvərliklə qarşılandığı qeyd edilib. Müxbirin fikirlərini öyrəndiyi avropalı turistlər Azərbaycan mətbəxinin ləziz nümunələrini məmnuniyyətlə daddıqlarını söyləyiblər.

Yarışlara tamaşa etmək üçün Bakıya yola düşməzdən əvvəl ölkəmiz haqqında məlumatlar əldə etdiyini, milli mətbəximizlə maraqlandığını bildirən britaniyalı turistin “Düşbərə gözlədiyimdən də dadlı idi” sözləri, fransalı azarkeşin isə belə ləzzətli dolmanı hələ heç yerdə dadmadığını söyləməsi reportajda xüsusilə diqqətə çatdırılıb. Reportajda yerli könüllülərin əməyindən də ətraflı bəhs olunub.

Həmin kateqoriyadan