“Yaşamaq üçün sürün” sənədli serialında Azərbaycan qran-prisinin həyəcanlı anları yer alacaq

ABŞ-ın məşhur “Netfliks” onlayn platformasının nümayəndələri Azərbaycan qran-prisi çərçivəsində ölkəmizə səfər edəcəklər. Allsport.az saytı xəbər verir ki, Formula-1-dən bəhs edən, qısa zamanda böyük tamaşaçı marağı qazanmış “Yaşamaq üçün sürün” (“Drive to survive”) sənədli serialının 5-ci mövsümündə Bakı yarışının həyəcanlı anları da yer alacaq.

Maraqlı idman mübarizəsi ilə yadda qalan öncəki Bakı yarışlarının görüntülərinə də serialda yer verilib. 2018-ci ildə “Red Bull” komandasının pilotlarının toqquşması, 2021-ci ildə Maks Verstappenin yarışın bitməsinə 3 dövrə qalmış qəzaya uğraması, Lüis Həmiltonun yarışın restartındakı böyük səhvi kimi dramatik səhnələr Bakı yarışını daha da unudulmaz edib.

“Bakı yuxularıma kabus kimi girir”, – buraxdığı səhvdən sonra Lüis Həmiltonun “Mersedes” komandasının rəhbəri Toto Volf ilə söhbət zamanı səsləndirdiyi fikir “Drive to survive” izləyicilərinin diqqətindən qaçmayıb.

Serial yayımlandığı dörd mövsüm ərzində azarkeşlərə Formula-1 yarışlarının maraqlı məqamlarını, komanda və pilotların real hazırlıq prosesini, həyəcanlı görüntülərini, bir sözlə, F-1 ruhunu daha yaxından hiss etdirməyi bacarıb.

Həmin kateqoriyadan