Allsport.az-ın təsisçisi Heydər Əliyevin 100-illiyinə idman jurnalistləri arasında şahmat yarışının qalibi oldu

Azərbaycan idman jurnalistləri assosiasiyasının (AİJA) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100-illiyinə idman jurnalistləri arasında şahmat turniri keçirildi. Allsport.az saytı xəbər verir ki, “Məmmədyarovlar” şahmat məktəbində baş tutan yarışda ATV, “İdman” TV, “CBC Sport” televiziya kanallarının, “Xalq qəzeti”, “Olimpiya dünyası”, “Futbol+” qəzetlərinin, Sportmedia.az və Allsport.az saytlarının əməkdaşları iştirak etdi.

Dairəvi sistem üzrə 7 turdan ibarət turnirdə bütün rəqiblərinə qalib gələn Allsport.az saytının baş redaktoru Kamran Hacı (şəkildə tam ortada) 1-ci yer tutdu. ATV idman şöbəsinin redaktoru İlkin Fikrətoğlu ilə Sportmedia.az saytının baş redaktoru İlkin Vidadioğlu hərəyə 5 xal topladılar. Əmsallarda adı ilk çəkilən həmkarımız üstün oldu. ETOPAZ-ın himayədarı oduğu yarışın sonunda iştirakçılara Heydər Əliyevin kitabları hədiyyə olundu.

Mükafatları AİJA prezidenti, əməkdar jurnalist Eldar İsmayılov və “Məmmədyarovlar” şahmat məktəbinin təsisçisi, qadınlar arasında beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova təqdim etdilər.

Həmin kateqoriyadan