- Baxış sayı: 45
- 17 Avqust 2026 21:57
- Baxış sayı: 18
- Avqust 17, 2026
- 0

Azərbaycan Formula-1 üzrə 10-cu qran prini qəbul etməyə hazırlaşır. 2016-cı ildə Avropa qran prisi ilə başlayan Bakı mərhələsi ötən illər ərzində gözlənilməz qələbələr, dramatik mübarizələr, rekordlar və Formula-1 tarixində iz qoyan hadisələrlə yadda qalıb.
Allsport.az xəbər verir ki, yubiley yarışı sentyabrın 24-26-da keçiriləcək.
Yarış ərəfəsində Bakıdakı əvvəlki doqquz qran pridə baş verən ən diqqətçəkən məqamlara nəzər salaq.
Bakı şəhər halqası – sürət və dəqiqliyin vəhdəti
Bakı şəhər halqasının özünəməxsus xüsusiyyətləri Azərbaycan qran prisini Formula-1 təqviminin ən maraqlı mərhələlərindən birinə çevirir. Paytaxtın mərkəzi küçələrindən keçən trek yüksək sürətli uzun düzlükləri texniki cəhətdən mürəkkəb döngələrlə birləşdirir.
Trekin ən diqqətçəkən hissələrindən biri İçərişəhərin qala divarları boyunca uzanan dar sahədir. 8 və 9-cu döngələrin yerləşdiyi hissədə trekin eni cəmi 7,6 metrdir. Uzun start-finiş düzlüyü isə yüksək sürət və ötmə imkanları yaradır.
2016: Bakıda Formula-1 tarixinin ilk səhifəsi
Avropa qran prisi adı altında keçirilən ilk Bakı yarışının qalibi “Mercedes” pilotu Niko Rosberq oldu. Almaniyalı sürücü həmin mövsümün sonunda karyerasında ilk dünya çempionluğunu qazandı və qısa müddət sonra Formula-1-dən ayrıldığını açıqladı.
2017: Bakı trekində xaos və möhtəşəm geridönüş
2017-ci il Azərbaycan qran prisi dramatik hadisələrlə yadda qaldı. Sebastyan Fettel və Lyuis Hemilton arasında yaşanan insident, təhlükəsizlik avtomobilinin bir neçə dəfə trekə çıxması və yarışın qırmızı bayraqla dayandırılması Bakıdakı mübarizəni mövsümün ən çox müzakirə olunan yarışlarından birinə çevirdi.
Yarışa 10-cu pillədən başlayan “Red bull” pilotu Daniel Rikkardo sonda qələbə qazandı. Valtteri Bottas ikinci, “Williams” pilotu Lens Stroll isə üçüncü oldu.
2018: Qalib son anda dəyişdi
Yarışın əsas hadisəsi “Red bull” pilotları Maks Ferstappen və Daniel Rikkardonun toqquşması oldu. Hər iki sürücü mübarizəni başa vura bilmədi.
Finişə bir neçə dövrə qalmış isə yarışa liderlik edən Valtteri Bottas təkərinin sıradan çıxması səbəbindən mübarizədən kənarda qaldı. Nəticədə liderliyə yüksələn Lyuis Hemilton qələbə qazandı.
2019: “Mercedes”in dublu, Leklerin qəzası
Valtteri Bottas qələbə, Lyuis Hemilton isə ikinci yer tutaraq “Mercedes”ə Azərbaycan qran prisində ilk iki pilləni qazandırdı.
Sıralama turu isə Şarl Leklerin qəzası ilə yadda qaldı. “Ferrari” pilotu 8-ci döngədə idarəetməni itirərək təhlükəsizlik səddinə çırpıldı.
2021: İki favorit mübarizədən kənarda qaldı
2021-ci il Azərbaycan qran prisi Bakı mərhələsinin ən dramatik sonluqlarından biri ilə yadda qaldı. Finişə beş dövrə qalmış lider Maks Ferstappen təkərinin sıradan çıxması nəticəsində mübarizəni dayandırdı.
Yarış qırmızı bayraqdan sonra yenidən başladı. Liderlik şansı qazanan Lyuis Hemilton isə start zamanı “Brake Magic” funksiyasını təsadüfən aktivləşdirdi və ilk döngədə trekdən çıxdı.
Nəticədə qələbəni “Red bull” pilotu Serxio Peres qazandı.
2022: “Red bull” üçün tarixi dubl
Şarl Lekler və Karlos Saynsın texniki problemlər səbəbindən mübarizəni dayandırmasından sonra Maks Ferstappen qələbə qazandı. Bu, niderlandlı pilotun Bakı şəhər halqasındakı ilk zəfəri idi.
Serxio Peres ikinci olmaqla “Red Bull”a Azərbaycan Qran-Prisində ilk dublunu qazandırdı.
2023: “Bakı trekinin kralı” Serxio Peres
2023-cü ildə Bakı mərhələsində sprint yarışı da keçirildi. Serxio Peres həm sprint yarışında, həm də əsas qran pridə qalib gəldi.
Bakıdakı ikinci qələbəsindən sonra meksikalı pilot azarkeşlər arasında qeyri-rəsmi olaraq “Bakı trekinin kralı” adlandırıldı.
2024: Piastri-Lekler dueli
“McLaren” pilotu Oskar Piastri Şarl Lekleri geridə qoyaraq Azərbaycan qran prisinin qalibi oldu. Avstraliyalı sürücü liderliyi finişədək qorudu.
Son dövrələrdə isə Serxio Peres və Karlos Sayns üçüncü yer uğrunda mübarizə zamanı toqquşdu. Nəticədə hər iki pilot yarışı başa vura bilmədi.
2025: Rekord və gözlənilməz podium
2025-ci il Azərbaycan qran prisində qələbəni Maks Ferstappen qazandı. Corc Rassell ikinci, Karlos Sayns isə üçüncü oldu. Sayns “Williams”la ilk podiumuna məhz Bakıda yüksəldi.
Yarış həftəsonunun ən diqqətçəkən hadisələrindən biri sıralama turunun altı dəfə qırmızı bayraqla dayandırılması oldu. Bu göstərici Formula-1 tarixində rekord kimi qeydə alındı.
2026: Tarixin yeni səhifəsi
İndi isə növbə 10-cu qran pridədir. Sentyabrın 24-26-da Bakı şəhər halqası bir daha dünyanın ən sürətli pilotlarını qəbul edəcək. Azərbaycan qran prisinin 10-cu yubiley yarışında Formula-1 tarixinin Bakı səhifəsinə daha bir qalibin adı yazılacaq.