Milli olimpiya komitəsində “Blue Planet LLC” nümayəndələri ilə görüş keçirildi

Allsport.az xəbər verir ki, MOK və “Blue Planet LLC”nin qarşılıqlı əməkdaşlığının müzakirə olunduğu görüş baş tutdu. MOK-un vitse -prezidenti Çingiz Hüseynzadə qurumlar arasındakı əməkdaşlığın qısa tarixinə nəzər saldı. Avropa oyunları, çimərlik oyunları və “Paris 2024” yay olimpiya oyunlarına hazırlaşan Azərbaycan idmançılarının qarşısında duran vəzifələrdən danışdı.

“Blue Planet LLC”nin direktoru Mehriban Axundova heyətin yeni üzvlərini təqdim etdi. Əməkdaşlığın qarşılıqlı faydasından danışan Mehriban Axundova artıq razılaşdırlmış tərəfdaşlığın detallarının müzakirə olunduğunu bildirdi. MOK-un marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva xüsusi təqdimatla çıxış etdi. Təqdimatda tərəflər arasındakı əməkdaşlığın detallarından bəhs edildi. MOK-un baş katibi Azər Əliyevin də iştirak etdiyi görüşdə idmanının kütləviləşdirilməsinə xidmət edən layihələr, gələcək perspektivlərə dair məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

Milli olimpiya komitəsi və “Blue Planet LLC” şirkəti 2023-2024-cü illər ərzində əməkdaşlıq etməyə, tərəfdaş qismində çıxış etməyə razılığa gəliblər.

Sonda xatirə fotosu çəkilib.

Həmin kateqoriyadan