Yığma komandalar bölgələrdə

Müxtəlif yaş qrupları üzrə güləş yığmaların qarşıdan gələn mühüm yarışlara hazırlığı intensiv formada davam edir.

Allsport.az xəbər verir ki, U-20 komandası Antalyada keçirilən “Çempionlar” turnirində çıxışını başa vurduqdan sonra fasilə vermədən növbəti hazırlıq prosesinə start verib.

Belə ki, güləşçilər mayın 11-dən 24-dək Qax olimpiya idman kompleksində toplanış keçəcək. Növbəti toplanış isə mayın 27-dən iyunun 9-dək isə Xaçmaz olimpiya idman kompleksində baş tutacaq.

Eyni yaş qrupunda sərbəst güləşçilər də Qaxa yollanacaq. Ancaq bu növ üzrə U-20 millinin bölgə toplanışı mayın 28-dən iyunun 11-dək olan müddəti əhatə edir. Buna qədər məşqlər Bakıda keçiriləcək.

Böyüklərdən ibarət sərbəst güləş yığması mayın 14-də Quba olimpiya idman kompleksində növbəti təlim-məşq toplanışına başlayacaq. İki həftə davam edəcək hazırlıq prosesində Türkiyə millisi də iştirak edəcək.

Azərbaycannın qadın güləşçiləri iki qrupa bölünüb. U-20 və böyüklərdən ibarət heyət Quba olimpiya idman kompleksində, U15 və U-17 millilər Abşeron olimpiya idman kompleksində məskunlaşıb. Hər iki toplanış mayın 11-dən 24-dək davam edəcək.

Sərbəst güləş üzrə U-17 komanda isə mayın 7-dən Xaçmaz olimpiya idman kompleksində toplanışdadır. Özbəkistanın müvafiq komandası ilə birgə keçirilən hazırlıq prosesi ayın 21-də yekunlaşacaq.

Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət milli təlim-məşq toplanışını Rusiyanın Vladiqafqaz şəhərində keçir.

Həmin kateqoriyadan