Köndələnçayda yerli sakinlər üçün xüsusi tədbir

Aprelin 28-də Füzulidə yerləşən Köndələnçay su anbarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Prezident kuboku-2025” beynəlxalq reqatası çərçivəsində yerli sakinlər üçün xüsusi tədbir keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan kanoe və avarçəkmə federasiyasının təşkilatçılığı ilə baş tutan tədbir zamanı peşəkar avarçəkənlər tərəfindən nümunəvi çıxışlar nümayiş etdirilib. Tədbirin proqramına uşaqlar və yeniyetmələr üçün təşkil olunmuş maraqlı viktorinalar, avarçəkmə qayıqları və trenajorlarda bacarıqlarını sınamaq imkanı da daxil edilib.

Füzuli sakinləri üçün həm əyləncəli, həm də maarifləndirici xarakter daşıyan bu tədbir iştirakçılara yaddaqalan anlar yaşadıb. Yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan proqram, avarçəkmə idman növünün daha geniş kütləyə tanıdılmasına da töhfə verib.
Üç gün davam edəcək  “Prezident kuboku” beynəlxalq reqatasında Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək. 

Yarışların açılış mərasimi aprelin 30-da tarixi torpağımız Suqovuşanda keçiriləcək.
Reqata 1-2 mayda Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzində davam edəcək. 
“Prezident kuboku” reqatası ardıcıl üçüncü ildir ki, Avropa kanoe assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Həmin kateqoriyadan