Karateçilərimizin “Zalsburq Open” sınağı

Azərbaycan karateçiləri daha bir yarışa son hazırlıqları davam etdirirlər. Milli komandanın bir neçə üzvü Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa yarışlarından olan “Zalsburq Open”-ə yollanacaqlar. Allsport.az saytı xəbər verir, baş məşqçi Rəhman Hətəmov kumite yarışlarında 8 idmançının çıxışını məqbul sayıb.

Kimono ustalarımızdan Məcid Əmirov (60 kq), Rafiz Həsənov (67 kq), Tural Ağalarzadə (75 kq), Pənah Abdullayev (84 kq), komandanın kapitanı Şahin Atamov və Orxan Heydərli (+84 kq), eləcə də Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mövsümün son Premyer Liqa yqarışına qatılacaxlar. Kata üzrə böyük məşqçi, Vahid Ayvazov isə Tural Balcanlı və Rafiq Əmirovu bir daha sınaqdan keçirəcək.

11-12 oktyabrda Zalsburqdakı “Qrand Final”-ı beynəlxalq dərəcəli hakimlərimizdən federasiyanın vitse-prezidenti Yusif Məmmədov ilə Anar Allahverdiyev də idarə edəcək. 9 oktyabrda Avstriyaya yola düşən heyət 4 gün sonra Vətənə dönəcək.

Hətəmov əsas heyətin bəzi üzvlərinin müəyyən müddətlik istirahətə və zədələrdən bərpa dövrünə ehtiyacı olduğunu bildirib. Qarşıda milli komandamızı ilin ən məsul yarışı dünya çempionatı gözləyir. Baş məşqçi ilin sonunadək əsas diqqətin 5-9 noyabr tarixlərində Almaniyanın Bremen şəhərində mötəbər yarışa yönəldiyini söyləyib.

Həmin kateqoriyadan