- Baxış sayı: 37
- 17 Mart 2025 23:55
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
Hər bir millətin sağlam gələcəyi baxımından idman çox vacibdir. Gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması, ilk növbədə, onları arzuolunmaz yollardan çəkindirmək üçün ən gözəl vasitədir. Azərbaycanda əhalinin kütləvi bədən tərbiyəsi ilə məşğulluğu ciddi diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin xalqın fiziki sağlamlığı üçün bədən tərbiyəsinə həmişə xüsusi qayğı göstərdiyi heç kimə sirr deyil. Azərbaycana rəhbərlik etdiyi illərdə o, respublikada idmanın, bədən tərbiyəsinin kütləviliyini də öz çıxışlarında dəfələrlə ön plana çəkərək demişdir: “Biz idmanı, bədən tərbiyəsini kütləvi etməliyik. Gənclərin tam əksəriyyətini buna cəlb etməliyik, bu, Azərbaycan vətəndaşının hərtərəfli gələcəyi üçün təməldir. Buna nail olmaq üçün, təbiidir ki, lazımi imkanlar da yaratmalıyıq, lazımi şərait də yaratmalıyıq”.
Söhbət idmanın kütləviliyindən gedirsə, əyalətlər, ən ucqar yaşayış məskənləri də diqqət mərkəzinə gəlir. Elə bunu nəzərə alan Azərbaycan güləş federasiyası əsas gücü bölgələrə yönəldib. Yeni rəhbərlik sələflərinin yolu ilə gedir, onu bir qədər də təkmilləşdirir. AGF prezidenti Mikayıl Cabbarovun tapşırığa əsasən regional nümayəndəliklər bərpa olunub, hər birində əlaqələndirici şəxslər və məşqçilər təyin edilib. Federasiyanın dəstəyi ilə yanaşı, həm paytaxtda, həm də rayonlarda güləş məktəbləri açan vətəndaşlarımız da var. Bu gün onlardan birindən bəhs edəcəyik.
Göyçay rayonunun Bığır kənd orta məktəbində yerləşən Azərbaycan güləş federasiyasının idman zalı 1,4 aydır fəaliyyət göstərir. Məktəbin qurucusu və himayədarı əməkdar məşqçi Namət Şirinovdur. Məşqlər yunan-Roma güləşi üzrə keçirilir. Adı çəkilən mütəxəssisdən savayı, orada Kamran Baxışov (əməkdar məşqçi, 2-ci dərəcəli beynəlxalq hakim), Xamraz Seyidov, Əkbər Məmmədli (milli dərəcəli hakim) və Cəlal Nuriyev çalışırlar. Ümumən, 11.500 nəfər əhalisi olan Bığırda 3 orta təhsil ocağı mövcuddur. Bu məktəbdə hazırda 150 uşaq və yeniyetmə məşğul olur.
Göyçay məktəbinin ən uğurlu yetirməsi Laçın Vəliyevdir. O, U-17 dünya birinciliyinin qalibi, (2019), qitə çempionatının gümüş (2019) və bürünc (2018); 2022-ci ildə U-20 Avropa çempionatının qalibi və dünya birinciliyinin bürünc medalçısı, ötən il Bakıda keçirilmiş U-23 Avropa çempionatının bürünc mükafatçısıdır. Sözü gedən məktəbin digər yetirməsi Nihad Tağıyev (60 kq) keçən il Bəhreyndə təşkil olunan yeniyetmələrin gimnaziadasında 3-cü yer tutub.
Bığırın güləş məktəbi iç yarışlarda da fəaldır, müvəffəqiyyətlidir. 15 yaşlıların zonasında 16 vəsiqə qazanan Göyçay, 4-7 martda Gəncədə ölkə birinciliyində komanda hesabında 1-ci olub. Ən yüksək nəticəni 57 kq-da İbrahim Məmmədzadə göstərib. O, fəxri kürsünün zirvəsinə yüksəlib. 11-14 fevralda Abşeron olimpiya idman kompleksində U-20 ölkə çempionatında 60 kq-da Mehdi Əsgərli 3-cü yer tutub.
Güləş məktəbinin direktoru Namət Şirinov allsport.az-a bildirdi ki, məşqlər ödənişsiz əsaslarla keçirilir, uşaqlar müntəzəm olaraq geyimlə təmin olunurlar. Seçmə komanda mövsümlərarası idman dəsti ilə təmin olunur. Geyimlər məşhur brendlərin məhsullarıdır. “Şəxsi vəsaitimlə Göyçayın özündə də güləş zalı açacağam. Hazırda həmin məkanda təmir işləri yekunlaşmaq üzrədir. Güləş federasiyası bizi daha 2 yeni güləş döşəyi dəsti ilə təmin edəcək. AGF-in baş katibi Nəsimi Musayev daim işin gedişi ilə maraqlanır. Göyçayda, Bığırda inkişaf onu çox sevindirir. Yaxın gələcəkdə rayonda internat tipli baza və bərpa mərkəzinin açılmasını planlaşdırıram”.
Kamran HACI
Son 13 foto müəllifindir