“Xosrov Cəfərov” yunan-Roma güləşi yarışının qalibi oldu

Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında AGF-nin 1 saylı nümayəndəliyi üzrə sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2002-2004-cü il təvəllüdlü) arasında “Gələcəyin Olimpiyaçıları” komanda yarışları başa çatıb. Allsport.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 10 komanda mübarizə aparıb.

“Pirallahı” GK, “Olimp” İK, Göyçay, “Şahin” İK və “Xosrov Cəfərov” GK komandaları A qrupunda, “Bakı” GK, Sumqayıt, “Cəngi” GK, “Hövsan” GK və “Həyat” GK komandaları isə B qrupunda yarışıb.

Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə tamamlayan “Xosrov Cəfərov” və “Hövsan” Güləş Klublarının komandaları yarışların finalında qarşılaşıb. 7:3 hesablı qələbə qazanan “Xosrov Cəfərov” GK komandası turnirin qızıl medalını qazanıb. “Hövsan” GK komandası isə gümüş medalla kifayətlənib. Bürünc medal uğrunda görüşdə “Cəngi” GK komandası Göyçay təmsilçiləri üzərində qələbə qazanıb. 5-ci yer uğrunda görüşdə “Olimp” İK komandası Sumqayıt güləşçilərindən, 7-ci yer uğrunda görüşdə isə “Bakı” GK güləşçiləri “Pirallahı” GK komandasından üstün olub. “Şahin” İK təmsilçilərini məğlub edən “Həyat” GK komandası turniri 9-cu yerdə tamamlayıb.

Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif edilib.

Həmin kateqoriyadan