Müstəqillik Gününə həsr olunmuş veloyürüş

Gənclər və idman nazirliyi, Azərbaycan velosiped idmanı federasiyası və “Regional İnkişaf” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə iştirak edən 300-dən artıq velosipedçi və paravelosipedçilər Azərbaycan Respublikasının üçrəngli bayraqlarını daşıyan “Zəfər Yolu” motosikletçilər qrupunun müşayiəti ilə veloparkdan start götürməklə Bibiheybət məscidi – su idmanı sarayı – Dövləq Bayrağı meydanı marşrutu üzrə hərəkət ediblər. Tədbirin sonunda veloyürüşün fəal iştirakçılarına sertifikatlar təqdim edilib.

Azərbaycan velosiped idmanı federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov mətbuat nümayəndələrinə verdiyi müsahibədə bildirib ki, hazırda federasiyanın qarşısında duran əsas məqsəd velosipedin idman növü kimi inkişaf etdirilməsi ilə yanaşı, ondan bir nəqliyyat vasitəsi kimi də geniş istifadə olunmasına dəstək verməkdir. Sahib Ələkbərovun sözlərinə görə, bunun üçün ölkəmizdə bütün lazımi infrastruktur mövcuddur və bu cür tədbirlər əhali arasında təbliğat işlərinə böyük töhfə verir.

Federasiyanın 1-ci vitse-prezidenti həmçinin əlavə edib ki, hazırda Azərbaycan velosiped idmanı federasiyasının yeni seçilmiş rəhbərliyi dünya velosiped aləmində böyük rəğbət qazanmış “Tour d’Azerbaidjan” yarışının beynəlxalq velosipedçilər ittifaqının (UCİ) təqvimində bərpa olunması üçün danışıqlar aparır.

Həmin kateqoriyadan